Maks Eberl: “Bizə gənclərlə işləməyi bacaran məşqçi lazımdır”

“Bayern”in yeni idman direktoru Maks Eberl Münhen komandasının növbəti baş məşqçisi qarşısında qoyulacaq əsas tələb haqda danışıb.

Arena.az məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən, Eberlin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bizə gənc, istedadlı futbolçularla işləməyi bacaran və buna hazır olan məşqçi lazımdır. Musiala və Tel kimi oyunçulara qoyuluş etmək gərəkdir. Bir, “Real”a baxın – onlar Kamavinqa və Tçuameni kimi gənc oyunçuları klubun əfsanələri Kroos və Modriçlə yarımmüdafiənin mərkəzində birləşdirə bildilər”, deyə alman mütəxəssis təcrübə ilə gəncliyin vəhdətinə əsaslanan seçimə işarə edib.

Xatırladaq ki, “Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel cari mövsümün sonunda komandanı tərk edəcək. Hazırda Almaniya nəhəngi baş məşqçi vəzifəsinə namizədlərini çeşidləyir.
“Bayern” 23 turdan sonra Bundesliqanın yarış cədvəlində 53 xalla 2-ci pillədə qərarlaşıb və lidr “Bayer”dən 8 xal geri qalır. Almaniya nəhəngi üçün mövsüm çox uğursuz keçir. “Bayern” Almaniya Super Kubokunu əldən verib, Almaniya Kubokunda mübarizəsini dayandırıb. Bundesliqa uduzulmuş kimi görünür. Çempionlar Liqasının 1/8 mərhələsinin ilk oyununda isə “Bayern” səfərdə “Latsio”ya 0:1 hesabı ilə məğlub və cavab görüşü ərəfəsində komanda heç də xoş əhvalda və oyun formasında deyil.