Maks Eberl: “Camal Musialanın “Bayern”lə səyahəti hələ bitməyib”

“Bayern”in idman direktoru Maks Eberl almaniyalı hücumameyilli yarımmüdafiəçi Camal Musialanın gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Camal müstəsna futbolçudur, onun kimiləri azdır. Demək olar ki, hər oyundan sonra komanda yoldaşları ondan məmnundurlar. Onunla oynamaq onlar üçün böyük sevincdir. 21 yaşında gənc olmasına rəğmən, o, artıq özünü əla səviyyədə sübut edib, “Bayern”dəki səyahəti isə hələ bitməyib. O, qənimətlər qazanmağa çalışır. Bu, bizim qarşımıza qoyduğumuz məqsəddir. Biz Camalla daim əlaqə saxlayırıq və bizi gələcək müzakirələr gözləyir. Gələcəkdə Musiala klubumuzun əsas simalarından birinə çevrilməlidir”, deyə Maks Eberl vurğulayıb.

Xatırladaq ki, “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Onun Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 3 oyun keçirib. O, bu oyunlarda 1 qol vurub. Yarımmüdafiəçinin “Bayern” karyerası bütövlükdə 166 oyun, 44 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 36 oyun keçirib. O, bu oyunlarda 6 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı Camal Musialanı 130 milyon avro məbləğində qiymətləndirir.