Maks Eberl Çempionlar Liqasının yeni tərtibatını təriflədi

“Bayern”in idman direktoru Maks Eberl Zaqreb “Dinamo”su ilə oyun ərəfəsində Çempionlar Liqasının yeni tərtibatını şərh edib.

Arena.az “Bayern”in mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən həyəcanlıyam, püşkatma mərasimindən sonra azacıq çaşqın idim. Bu, fərqli bir duyğudur, səkkiz rəqibə qarşı oynayırsan – başqaları isə tamamilə fərqli rəqiblərə qarşı oynayırlar. Son oyun gününə qədər həyəcanlı olacaq. Əvvəllər ilk iki yeri tutmuş komandalar adətən dörd oyundan sonra müəyyənləşirdi. Biz Zaqreb klubunu məğlub etmək istəyirik. Bu, əlbəttə, “Bayern” üçün vacibdir”, deyə Eberl vurğulayıb.

Xatırladaq ki, “Bayern” Zaqreb “Dinamo”sunu sentyabrın 17-də Münhendə qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

2024/2025-cü illər mövsümündən etibarən Avropanın ən mötəbər klub yarışında iştirakçıların sayı 32-dən 36-ya yüksəldilib. Klassik qrup mərhələsi ümumi cədvəllə əvəz edilib. Hər komanda müxtəlif rəqiblərə qarşı 8 oyun keçirəcək. Çempionlar Liqasının yeni tərtibatında üç püşkatma nəzərdə tutulub. Bunlardan birincisi, yarışın birinci mərhələsinə qədər, ikincisi, 9-24-cü yerləri tutmuş klublar arasında ələmə oyunları ərəfəsində, üçüncü püşkatma isə Çempionlar Liqasının 1/8 final mərhələsi ərəfəsində baş tutacaq. İştirakçıların sonrakı cütləri isə yarış səbəti vasitəsilə müəyyənləşdiriləcək.

Maks Eberl Almaniya Bundesliqasındakı komandaların mövcud rəqabəti haqqında da söhbət açıb. Alman mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“Mən rəqabətə hörmət bəsləyirəm. İdmançıda bu, həmişə olmalıdır. Son illərdə həmişə Çempionlar Liqasına vəsiqə qazanmış Leverkuzen “Bayer”i, Dortmund “Borussiya”sı və “Leypsiq” kimi rəqiblərimiz var. Düşünürəm ki, Bundesliqa çox həyəcanlı olub. Biz ilhamlanmışıq və qəniməti Münhenə qaytarmaq istəyirik”, deyə Eberl vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm Leverkuzen “Bayer”inin məğlubiyyət üzü görmədən parlaq mövsüm keçirib çempion olması mənzərəsində, Almaniya nəhəngi “Bayern” yalnız bürünc medalla təsəlli tapmalı olmuşdu.

Cari mövsümə isə “Bayern” inamla başlayıb və Bundesliqanın ilk 3 turundan mütləq nəticə hasil edərək, 9 xalla yarış cədvəlinə başçılıq edir.