“Bayern”in idman direktoru Maks Eberl Münhen komandasının digər klubların marağında olan futbolçuları haqda klubun mövqeyini açıqlayıb.
Arena.az bu barədə jurnalist Kerri Hauya istinadən məlumat verir.
Söhbət niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt və alman sağ cinah müdafiəçisi Yozua Kimmixdən gedir.
“Əgər De Liqtin keçidi baş tutsa, mən bu barədə ətraflı danışacağam. Bu, hamısı deyil. Matteys burada iki il keçirib, çox yaxşı oynayıb, buna görə də o, çox azarkeşə xoş gəlir. Buna rəğmən, onun fikrini nəzərə alaraq düzgün qərar vermək gərəkdir. Amma indi o, “Bayern”in futbolçusudur. O, klubda olduğu müddətdə bizdən dəstək alacaq”, deyə Eberl vurğulayıb.
Daha əvvəl mətbuatda, “Mançester Yunayted”in De Liqt müqabilində “Bayern”ə 40 milyon avro məbləğ təklif etdiyi, amma Almaniya nəhənginin 50 milyon avro məbləğində israrlı olduğu haqda məlumat yayılmışdı.
Fransa nəhəngi PSJ başda olmaqla, digər aparıcı klubların maraq dairəsində olan Yozua Kimmixə gəlincə, Maks Eberl bildirib:
“Onunla çox yaxşı və müsbət söhbətimiz oldu. Daha çox ünsiyyətimiz olacaq. Yozua uzun illər “Bayern”in əsas oyunçusu olub. Onun gələcəkdə də belə qalacağı gözlənilir”, deyə Eberl vurğulayıb.