“Bayern”in idman direktoru Maks Eberl komandanın ingilis hücumçusu Harri Keynin AÇ-2024-dən sonra məşqlərə nə vaxt qayıdacağını açıqlayıb.
Arena.az “Sky Sports” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə məlumatını təqdim edir:
“O, sağlamdır! Harri həftənin ortasında sıraya qayıdacaq. Zədələr o qədər də ciddi deyildi. Avropa çempionatının əldən verilmiş finalı ilə bağlı məyusluq daha böyük idi”, deyə Maks Eberl vurğulayıb.
Xatırladaq ki, İngiltərə yığması Almaniyada keçirilmiş AÇ-2024-ün final oyununda İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.
Beləliklə, böyük futbolda bir qənimət belə, qazanmamış Keyn növbəti dəfə final oyununda acı məğlubiyyət yaşayıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə verib.
İngilis hücumçu 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının 36 qolla (32 oyun) ən sərrast futbolçusu olub. Keyn 2024-cü il “Qızıl buts” mükafatına əsas namizəddir, daha doğrusu nəticə etibarlı ilə ingilis hücumçu bu mükafatı qazanıb, yalnız rəsmən təqdimatını gözləyir.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.