“Bayern”in idman direktoru Maks Eberl Münhen klubunun 29 yaşlı mərkəz yarımmüdafiəçisi Leon Qoretska ilə bağlı vəziyyətdən danışıb.
Arena.az xəbər verir ki, Münhen nəhənginin rəsmisi futbolçunun bu klubldakı durumu ilə bağlı heç də müsbət fikirlər söyləməyib:
“Komandamız böyük gücə malikdir. Hər bir oyunçu nə edəcəyinə özü qərar verməlidir. Qoretska ilə bağlı vəziyyət qətiyyən ürəkaçan deyil, çünki hər bir futbolçu meydana çıxmaq istəyir.
Qoretskanın müqaviləsi? Əlbəttə ki, “Bayern” bütün müqavilə öhdəliklərinə hörmət edir, amma idman perspektivləri də nəzərə alınmalıdır”, deyə Maks Eberl vurğulayıb.
Xatırladaq ki, Leon Qoretska “Bayern”ə 2018-ci ilin iyul ayında “Şalke”dən azad agent qismində keçib. Yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Leon münhenlilərin heyətində 42 oyuna çıxıb. O, bu oyunlarda 6 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Qoretskanın “Bayern”dəki ümumi karyerası isə 221 oyun, 40 qol və 46 məhsuldar ötürmədən ibarətdir.
Almaniyalı futbolçu “Bayern”dən öncə “Şalke” və “Boxum” klublarının da uğurları üçün çalışıb.
Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 57 oyun keçirib, 14 qol vurub, 11 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı Leon Qoretskanı 30 milyon avro məbləğində qiymətləndirir.