“Bayern”in idman direktoru Maks Eberl komandanın mərkəz yarımmüdafiəçisi Leon Qoretskanın Münhen klubundakı gələcəyi ilə bağlı danışıb.
Arena.az alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Leon yüksək səviyyəli oyunçudur və mən onu, eləcə də fiziki hazırlığını və nizam-intizamını çox qiymətləndirirəm. Leon “Bayern”in vacib hissəsidir.
Ancaq heyətin tərtibinə baş məşqçinin qərarı təsir edir. Danılmaz amildir ki, Leon Almaniya yığmasının oyunçusudur. O, “Bayern”də mühüm rol oynaya bilər”, deyə Maks Eberl vurğulayıb.
Xatırladaq ki, Leon Qoretska “Bayern”ə 2018-ci ilin iyul ayında “Şalke”dən azad agent qismində keçib. Yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Leon münhenlilərin heyətində 32 oyuna çıxıb. O, bu oyunlarda 4 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Qoretskanın “Bayern”dəki ümumi karyerası isə 211 oyun, 38 qol və 44 məhsuldar ötürmədən ibarətdir.
Almaniyalı futbolçu “Bayern”dən öncə “Şalke” və “Boxum” klublarının da uğurları üçün çalışıb.
Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 57 oyun keçirib, 14 qol vurub, 11 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı Leon Qoretskanı 30 milyon avro məbləğində qiymətləndirir.


