Maks Eberl Vensan Kompaninin fəaliyyətini qiymətləndirdi

“Bayern”in idman direktoru Maks Eberl Münhen komandasının baş məşqçisi Vensan Kompaninin çalışdırıcılığı ilə bağlı fikirini bildirib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, “Bayern”in belçikalı mütəxəssis haqda qənaəti, alman mütəxəssis Eberlin dilindən belə səslənir:

“O, “Bayern” üçün yaxşıdır. O, nə istədiyini dəqiq bilir, “Bayern” ətrafında isə həmişə qarma-qarışıqlıq olsa da, özünə, kənarda baş verənlərdən təsirlənməyə imkan vermir. Vensan “Börnli”də öz oyun tərzi ilə bunu bacardığını göstərib. Bu fəallıq, bu güc-qüvvət, bu yüksək müdafiə ilk bir neçə həftədə gördüyümüz və qarşıdakı aylarda göstərməyə davam etməli olduğumuz xüsusdur”, deyə Maks Eberl vurğulayıb.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.

“Bayern” geridə qalmış 2023/2024-cü illər mövsümündə böyük potensialına rəğmən, gözlənilənlərin əksinə olaraq, çıxış etdiyi bütün yarışlarda uğurzuluğa düçar olub və mövsümü qənimətsiz başa vurub.

Kompaninin “Bayern”lə ilk rəsmi oyunu Almaniya Kubokuna təsadüf edib. Münhen klubu belçikalı mütəxəssisin rəhbərliyi altında kubokun 1/32 finalında “Ulm”la qarşılaşıb və 4:0 hesablı qələbəyə sevinib.

Hazırda, Kompaninin “Bayern”i Almaniya Bundesliqasının ilk üç turundan sonra 9 xalla yarış cədvəlinə inamla başçılıq edir.