Maks Eberl Xabi Alonsonun “Bayer”də qalmaq qərarından danışdı

“Bayern”in idman direktoru Maks Eberl ispan mütəxəssis Xabi Alonsonun növbəti mövsümü də çalışdırdığı “Bayer”də keçirmək qərarını şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Alonso layiqli mütəxəssisdir. Mən onu çoxdan tanıyıram, hələ o, “Real Sosyedad”da işləyəndən. Ona görə də Xabinin Leverkuzendə qalacağı mənə aydın idi”, deyə Maks Eberl etiraf edib.

Xatırladaq ki, daha əvvəl mətbuatda, ispan mütəxəssisin növbəti mövsümü də hazırda çalışdırdığı “Bayer”də qalmağa qərar verdiyi haqda məlumat yayılmışdı.

Vurğulanır ki, bu, Xabi Alonsonun Karlo Ançelottidən sonra “Real”ın növbəti baş məşqçisi olmaq istəməsi ilə bağlı ola bilər.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

Xatırladaq ki, “Bayern” bu mövsümün sonunda baş məşqçisi Tomas Tuxellə yollarını ayıracaq. Klub bunu bir müddət öncə rəsmən açıqlamışdı. Bu üzdən də Münhen təmsilçisi xeyli müddətir növbəti mövsüm üçün baş məşqçi axtarışındadır.

Hazırda Xabi Alonsonun “əczaçıları” Bundesliqanın 27 turundan 73 xalla yarış cədvəlinin vahid liderləridir. “Bayer” həmçinin Avropa Liqasında da mübarizə aparır. “Əczaçılar” hər iki yarışda çempionluğa iddialıdırlar.