2022/2023 mövsümü bitəndən sonra heyətlə bağlı ciddi islahatlara start veriən “Səbail” legioneri Maksim Çex ilə də yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Səbail” rəhbərliyi Maksimlə yolları ayırmaq barədə qərar qəbul edib. Oyunçunun məxsus olduğu “Şaxtyor” (Donetsk) klubu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddəti yenilənməyib.
“Dənizçilər” Maksimə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıblar.
Maksim Çex “Səbail”ə 2022-ci ilin avqustunda icarə əsasında qoşulmuşdu. 24 yaşlı yarımmüdafiəçi bu komandada 31 oyuna çıxıb, 2 qol vurub. Ukraynalı futbolçu daha öncə “Mariupol”da forma geyinib.
Xatırladaq ki, “Səbail” daha əvvəl Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafovla da yollarını ayırıb. Hələlik, gedənlərin əvəzində üç futbolçu (Yusif Nəbiyev, Süleyman Əhmədov və Rüfət Abdullazadə) transfer etmiş “dənizçilər” müdafiəçi Vüqar Həsənovla da yeni müqavilə bağlayıblar.