Peşəkar futbolçu karyerasını başa vurmuş Azərbaycan millisinin və “Qarabağ”ın sabiq üzvü Maksim Medvedev AFFA tərəfindən təltif edilib.
Arena.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində bu gün keçirilmiş Azərbaycan – İsveç oyunundan əvvəl mükafatlandırılıb.
Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Maksim Medvedevə ölkə futbolundakı xidmətlərinə görə xatirə hədiyyəsi verilib. Ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan yığmasının formasını AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.
Qeyd edək ki, Maksim Medvedev 2009-2022-ci illər ərzində millimizin heyətində 81 oyun keçirib və 4 qol vurub.
Maksim Medvedev yetirməsi olduğu “Qarabağ”ın əsas komandasında 2006/2007 mövsümündə debüt edib. Müdafiəçi bunadək uzun illər Ağdam klubunun aşağı yaş komandaları və əvəzedici heyətində çıxış edib.
18 il əsas komandanın formasını daşıyan Medvedev bu müddətdə 552 oyun keçirib. O, təkcə “Qarabağ”da deyil, Azərbaycan futbol tarixində eyni klubda ən çox matça çıxan oyunçudur. Müdafiəçi bu müddətdə 17 qola imza atıb.
Maksim Premyer Liqada 376 görüşdə 12 qola sevinib. O, çempionatda eyni komandada ən çox oyun keçirən futbolçu kimi rekordçudur. Medvedev ölkə kubokunun 50 matçında 2 dəfə fərqlənib.
Müdafiəçi avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusudur. O, 126 qarşılaşmada 3 qol vurub.
Maksim Medvedev eyni klubla 10 dəfə Azərbaycan çempionu olan üç futbolçudan biridir. Müdafiəçi eyni klubda hamıdan çox – 14 mükafat qazanan futbolçudur. Onun hesabında Premyer Liqanın 10 qızıl, 2 gümüş və 2 bürünc medalı var.
Maksim ölkə kubokunun 6 qat qalibi olmaqla bu göstəricidə yeni rekordun müəllifi kimi tarixə düşüb.