Maksim Medvedev: “Karyeramı “Qarabağ”da bitirmək istəyirəm”

Azərbaycan çempionu “Qarabağ”ın müdafiəçisi və kapitanı Maksim Medvedev Metaratings.ru saytına müsahibə verib.

Arena.az bu müsahibəni oxucularının diqqətinə təqdim edir:

– Maksim, siz bütün karyeranızı “Qarabağ”da keçirmisiniz və artıq oyunların sayına görə klubun rekordçusuna çevrilmisiniz. Özünüzü klubun canlı əfsanəsi hiss edirsinizmi?
– Dürüst olsaq, bəli. 20 ildir bir klubda olmaqdan məmnunam. Gənclər komandası ilə başlamışdım, o zaman əsas heyət cavanlaşdırılmağa başladı və 2006-cı ildən bəri çıxış etdiyim “Qarabağ”ın əsas heyətinə düşmək bəxtimə düşdü. Oyundan oyuna daha da güclənirdim, daha çox meydanda olmağı düşünürdüm, bir futbolçu kimi böyüyürdüm və bu, bəhrəsini verdi. Sonra təxminən 6-7 ildir mənimlə olan kapitanın sarğısı mənə təhvil verildi. Bu, mənim üçün çox şey deməkdir. Bu, məni sevindirir, çünki “Qarabağ” indi Azərbaycanın ən güclü komandasıdır, mən isə onun üçün ən çox oyun keçirmişəm. Rekord sahibi, əfsanə, insanlar bunu fərqli adlandırırlar. Bu uğurlara nail olmaqdan və liqanın ən yaxşı komandası üçün oynamaqdan məmnunam. Bunun sayəsində Avropada “Qarabağ”ı bəyan edə bildik və artıq çoxu bu klubu tanıyır.

– 2006-cı ildən “Qarabağ” üçün oynayırsınız, Qurban Qurbanov isə 2008-ci ildən bəri komandanı çalışdırır. Demək olar ki, bütün karyeranızı birlikdə işləyirsiniz. Münasibətləriniz necədir və Qurbanov sizə necə təsir edib?
– Gənc və ehtiyatsız idim. “Qarabağ”a gələndə ilk addımları birlikdə atırdıq, çünki o, yenicə məşqçi karyerasına başlamışdı. Yaxşı və pis vaxtlar vardı, amma həmişə birlikdə olmuşuq. Mən onu böyük bir qardaş hesab edirdim, çünki o, mənə fərdi münasibət göstərirdi. İstiqanlı olduğunu başa düşdü, meydanda və kənarda çox səhvlər edirdim. Həmişə fəsad yaşayanda da onunla məsləhətləşirdim.
Ən maraqlısı budur ki, mən ondan heç vaxt qorxmamışam, yalnız hörmət etmişəm. O, həmişə mənim fəsadım üçün bir həll tapmağa çalışırdı, çünki müydanda necə can qoyduğumu və uduzmağı sevmədiyimi başa düşürdü. Demək olar ki, bütün karyeramız birlikdə keçib və bütün nailiyyətlərə birlikdə imza atmışıq.

“Digər komandalardan təkliflər vardı, amma…”

– Karyeranızın hansısa mərhələsində başqa bir kluba keçid haqqında düşüncələr yaranırdı?
– Əvvəlcə bu barədə düşünmürdüm. Hər il nəticə daha yaxşı olurdu, yeni perspektivlər açılırdı. Bəli, digər komandaların təklifləri vardı. Hətta məşqçiyə yaxınlaşmışdım və bu barədə danışmışdım, amma fikrimlə bağlı suala həmişə cavab verirdim ki, burada qalmaq istəyirəm, çünki özümü müdafiə edilmiş hiss edirdim. Klubun rəhbərliyi həmişə xeyirxahlıq və anlayışla yanaşır, məşqçi ona necə məhəbbətlə münasibət göstərdiyimi bilir. Mən gələ və deyə bilmədim ki, daha çox pul qazanmaq istəyirəm. Mənim sadəcə tərbiyəm başqadır, həmişə digər məqsədləri izləmişəm və heç vaxt pulu seçib komandanı tərk edə biləcəyimi təsəvvür etməmişəm. Xüsusilə hər şey yaxşı gedəndə. Düşünürəm ki, artıq çox şey əldə etmişəm və karyeramı başqa bir kluba getməkdənsə, “Qarabağ”da sona çatdırmaq daha yaxşı olar.

– Yəni indi Səudiyyə Ərəbistanından da təklif gəlsə, getməyəcəksiniz?
– Hətta oğlum tez-tez bu sualı mənə verir. Ancaq ona deyirəm: “Dünyanın bütün pullarını qazana bilməzsən”. Çox qazanmağa və ailədən uzaqlaşmağa çalışmıram. Həmişə həyat yoldaşım və uşaqlarımın yanımda olmasını və hər şeyin nəzarət altında olmasını istəmişəm. Buna görə oğluma da deyirəm ki, onunla birlikdə daha yaxşı işləyəcəyəm. Bu, həm ailə və həm də onun üçün daha yaxşı olacaq, pul qazanmağa həmişə yer tapacağam.

“Quduz bir rəqabətin olduğu heyətimiz var”

– Peşəkar karyeranızı bitirdikdən sonra “Qarabağ”da qalmaq istəyi varmı? Ondan sonra nə işlə məşğul olacağınızı arıtq düşünmüzünüzmü?
– Bu vaxt daha yaxınlaşır və futbolda qalmaq və biliklərimi yeni nəsillərə ötürmək istərdim. Bu gün gənc oyunçularla ünsiyyət qururam, onlara onları gözləyən düzgün yolu, əsəbin öhdəsindən necə gələcəklərini söyləyirəm. Komandada qalmaq istərdim, ancaq bir şey seçməlisən, çünki karyeramı bitirdikdən məşğul olmaq istədiyim çox istiqamətlər var. Çoxları bir idman direktoru, məşqçi və ya akademiyada işləyə biləcəyimi deyirlər. Ancaq bu gün daha yaxşı olanı haqqında dəqiq bir anlayışım yoxdur. Mən ən azından ən çoxunu sıxıb-çıxaran və işini öz gözlərimlə gördüyüm belə bir məşqçi ilə işləyirəm. Ola bilsin, məşqçi kateqoriyam yoxdur, ancaq biliklərim üzrə özümü ilkin kateqoriyalara yaxın hiss edirəm.

– Son 10 ildə klub Azərbaycanda əsl hegemonluq edir. Belə bir yüksəliş nəyin hesabına oldu?
– Klubda çalışanların hamısının işinə görə. Komandanın və məşqçi işinə heç vaxt müdaxilə etməyən bir rəhbərdən başlayaraq. Məşqçinin özü öz üzərində çox çalışırdı. O, Qvardiola, Klopp və digər məşqçilərin yanına gedirdi. Azərbaycanda statusuna rəğmən, yenə də özü üzərində işləməyə davam edir. İşçilərin ştatı artır: təlimçilər, fiziki təlim mütəxəssisləri, analitiklər. İnanıram ki, Azərbaycandakı digər klublara nisbətən hər cəhətdən iki-üç dəfə daha çox şey edirik. Eyni tibbdə həm dietoloqlarımız, həm də aşpazlarımız var. Digər klublarda axsaya biləcək hər şey budur, biz də isə bu, müvafiq bir sistem olaraq qurulub. Biz bazada yeddi saat oluruq, digər komandalar isə bunu etmirlər, artıq bunda böyük bir fərq var.

– Komandanın daimi uğurlarına necə qarşılıq verirsiniz? Çempionluq qənimətlərinə bir öyrəşmə varmı?
– Düzü, artıq “Qarabağ”ı “gümüş”lə görə bilmirəm. Bu gün quduz bir rəqabətin olduğu heyətimiz var. İlbəil daha çox yüksək-keyfiyyətli oyunçular gəlirlər, nəticələr daha da yaxşılaşır. Buna görə də “Qarabağ” hegemon olur. Öz çempionluqlarımızı götürməkdən başqa digər bir seçimimiz yoxdur. Bizdə mövsüm may ayının sonunda bitir. Amma bu mövsüm mart ayının sonunda biz artıq, riyazi olaraq çempionluğu xətm etmişik.

“Bayer” səddini keçə bilməsək də, bura qədər gəlmək bizim üçün böyük uğur idi”

– 10 komandadan ibarət çempionatda çıxış etmək necədir? Eyni rəqiblərlə oynamaqdan yorulmursan ki?
– Bəzən olur. Axı, çempionat dörd dövrədən ibarətdir. Bəzən qısa müddət ərzində bir rəqiblə ardıcıl 3 oyun keçirməli olursan. Fikrimcə, 16 komandadan ibarət iki dövrəli çempionat daha maraqlı olardı.

– Bu mövsüm komanda Avropa Liqasının 1/8 finalına yüksəldi. Bu, klubdakı çıxışınız ərzində ən güclü “Qarabağ”dır?
– Bəli, nəticələr bu barədə danışır. Bugünkü “Qarabağ” və ətrafındakı bütün sistem əvvəlki illərlə müqayisədə ən güclüdür.

– Az qala, “Bayer”i yarışdan kənarlaşdırmışdınız. Qələbəni qoruyub-saxlamaq üçün “Qarabağ”ın nəyi çatmadı?
– Bunu gərgin vəziyyətə və dözümlülüyə uyğunlaşa bilməməyimizlə əlaqələndirərdim. “Bayer” hər həftə həddən artıq yüksək səviyyədə oynayır. Biz onlarla oynayırdıq və sonra Azərbaycan çempionatına qayıdırdıq. Biz bu mübarizəni çempionatımızda görmürük və bir uyğunsuzluq var. “Bayer” həmişə güclü rəqiblərlə, yaxşı meydanlarda oynayır. Biz isə bəzən süni örtüklü meydanda oynamaq məcburiyyətində qalırıq. Bu, təsir edir. “Bayer” səddini keçə bilməsək də, istənilən halda bu, bizim üçün qələbəyə bərabər bir uğur idi. Çünki bir müddət Avropanın hamısı bizim haqqımızda danışdı.

– 1/8 finalda “Bayer”lə düşməsəydiniz, hara qədər irəliləyə bilərdiniz?
– Demək çətindir. Böyük komandalar “Qarabağ”a düşəndə istirahət etməyə başlayırlar. Rəqib daha güclü olanda, onların rahatlaşması bizim üçün şans yaradır. Pley-offda “Braqa” ilə qarşılaşarkən bütün jurnalistlər “Qarabağ”ın mərhələ adlamaq şansının olmadığını söyləyirdilər. Amma biz rəqib meydanında 4 qol vurduq.

– Mövsüm ərəfəsində avrokuboklarla bağlı hansı hədəflər müəyyənləşdirilmişdi?
– Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirdik. Bir dəfə buna nail olmuşduq və həmin nəticəni təkrarlamaq istəyirdik. Amma təəssüf ki, bu mövsüm buna nail ola bilmədik. Amma Avropa Liqasının 1/8 finalına çataraq bu hədəfimizi yerinə yetirə bildik və hamı razı qaldı.

“ÇL-in qrup mərhələsində oynamağımız o vaxt qeyri-real görünürdü”

– 2017/2018 mövsümündə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə çıxmışdı. O mövsümün ən parlaq xatirəsi hansıdır?
– “Atletiko” ilə iki heç-heçə. Bunlar böyük xatirələrdir. Çempionlar Liqasının himni altında oyuna çıxacağımı heç vaxt təsəvvür edə bilməzdim. Çünki bu, o vaxt qeyri-real görünürdü. “Çelsi”, “Atletiko” və “Roma” Avropa futbolunun qaymaqlarıdır. Bu cür komandalara qarşı oynayarkən üzərimizdə heç bir təzyiq yox idi. Hər kəs kimlərə qarşı oynadığımızı başa düşürdü. Məşqçi də bizə ancaq oyundan zövq almalı olduğumuzu söyləyirdi.

– Milli komandalar və avrokuboklar səviyyəsində qarşı oynadığınız oyunçulardan ən güclüsü olaraq kimin adını çəkə bilərsiniz?
– Eden Hazardı qeyd edərdim. O, tuta bilmədiyim yeganə oyunçudur. Fenomenal oyunçu idi. Kristiano Ronaldo daha yüksək səviyyəli futbolçu olsa da, onun hərəkətləri oxumaq olur. Amma Hazarda bu, mümkün deyildi. Üstəlik, o, ikinci hissədə çıxdı və həmin vaxt bütün oyunu qaçdığım üçün artıq ayaqlarım hərəkət etmirdi. Buna görə də, Hazardla bağlı ən dəhşətli xatirələrim var.

– Ancaq Lionel Messiyə qarşı oynamağınız mümkün olmadı…
– Əlbəttə, ona qarşı oynamaq istərdim. Çox güman ki, oynamayacağımız təəssüf doğurur, çünki o, bir daha Avropaya gəlməyəcək.

– “Qarabağ”la yanaşı, siz Azərbaycan milli komandasının da əfsanəsi ola bilərsiniz. Amma Rəşad Sadıqovun rekorduna hələ 30 oyun var. Rekordu yeniləmək imkanlarınızı nə qədər qiymətləndirirsiniz?
– Mən artıq özüm üçün milli komanda ilə vidalaşmışam, çünki bir ildir çağırılmıram. Dəstək azdır, çünki millinin nəticələri zəifdir. Yaxşı motivasiya lazımdır. Yeddi ildir məzuniyyətim olmayıb. Çünki məzuniyyət günlərini millinin düşərgəsində keçirmişəm. Onsuz da psixoloji cəhətdən çətin idi.

– Azərbaycan milli komandasının heyətində ən parlaq anınız?
– Milli ilə nailiyyətlər çox deyil. Digər ölkələrdə Azərbaycanın himninin altında meydana çıxmaq həmişə xoş olub. Özümü ən yaxşı tərəfdən, xüsusən də böyük komandalara qarşı göstərməyə çalışmışam. Yalnız böyük oyunları və böyük stadionları xatırlayırsınız, bu, ən vacib şeydir.

Maksim Medvedev Sankt-Peterburqda niyə ev alıb?

– Gürcüstan və Ukrayna qarşıdakı Avropa çempionatının final mərhələsinə vəsiqə qazandılar. Azərbaycan AÇ-yə nə vaxt çıxa biləcək? Komandaya yeni səviyyəyə çıxmaq üçün nə çatmır?
– Sabitlik yoxdur, çünki Azərbaycanda son vaxtlar tez-tez məşqçi dəyişir. Hər kəs öz mentaliteti və fəlsəfəsi ilə gəlir. Komanda bir-birinə öyrəşməlidir. Ancaq müxtəlif sxemlərə görə bu çətindir. Məşqçilərin tez-tez dəyişməsi səbəbindən komanda öz oyun sistemini tapa bilmirdi. Həmçinin gənclərdən ibarət komandaları da gücləndirmək lazımdır.

– Sizi Sankt-Peterburqla çox şey bağlayır. Onu sizin Rusiyadakı sevimli şəhəriniz adlandırmaq olarmı?
– Bəli, mən tez-tez Sankt-Peterburqa gəlirəm. Orada çoxlu dostum və tanışlarım var. Hətta şəhəri bəyəndiyim üçün orada bir mənzil aldım. Düşündüm ki, tətildə gələcəyik və sakitcə ailənin yanında olacağıq. Sankt-Peterburqdan olan müsbət emosiyalar, hər şey gözəldir, hər şeyi xoşlayıram.

– İndiki “Qarabağ” Rusiya Premyer Liqasında hansı yerlər üçün mübarizə apara bilərdi?
– Çempioluq uğrunda mübarizə apara bilərdik. Nəticələrimizə baxsanız, məncə, çoxları “Qarabağ”ın Rusiyada çempionluq uğrunda mübarizə apara biləcəyi fikri ilə razılaşar.

– Sizin, nə vaxtsa Rusiya klubuna keçmək imkanınız olubmu?
– Nümayəndəm bu barədə daha çox bilir. Dedi ki, bu çempionatda asanlıqla oynaya bilərəm. Amma “Qarabağ” həmişə mənim üçün prioritet olub. Başqa təkliflər də olurdu. Lakin hər zaman son dəqiqəyə qədər gözləmişəm ki, görüm klubla bağlı vəziyyət necə inkişaf edəcək. Bu komanda ilə hər şey qaydasında getdi. Ona görə başqaları ilə danışıq aparmağa belə cəhd etmədim. Hər şeydən razıyam, ailəm buradadır, hamını tanıyıram və özümü rahat hiss edirəm. Bu səbəbdən qeyri-müəyyən bir şey üçün dəyişiklik barədə düşünmədim. Bu, yaxşı və ya pis ola bilər. Ona görə də sabitliyi və təhlükəsizliyi seçdim.

– Siz Bakıda anadan olmuş və böyümüsünüz, ancaq milliyyətcə russunuz. Bunun necə baş verdiyini danışa bilərsinizmi?
– Anamın mənə dediyinə görə, 500 il əvvəl slavyan xalqları Qafqaz torpaqlarına yayılmağa başlayıb. O vaxtdan bəri atalarımız Gürcüstan və Azərbaycanda olublar və mənim kimi insanlar çoxdur.

“Anam o pulu oğurladığımı düşünürdü”

– Çoxları sizin əla azərbaycancanızı qeyd edirlər. Bunu mənimsəmək sizə necə müyəssər olub?
– Ailədə və dostlarımla rus dilində danışıram, buna görə də mənim üçün ilk dildir. Uşaqlıqda, 90-cı illərdə iki dildə və ya yalnız Azərbaycan dilində danışanların sayı çox idi. Onlarla futbol oynadım, Azərbaycan dilində ifadələr eşitdim. Rus dilində danışmayan uşaqlar var idi. Beləliklə, uşaqlıqdan bəri Azərbaycan dilimin yaxşı səviyyədə olduğunu deyə bilərəm. 14 yaşına qədər artıq sakitcə danışırdım.

– Milliyyətcə bir rus insan olaraq, bütün ömrü boyu yaşadığınız Azərbaycanın yerli mədəniyyətinə və adətlərinə uyğunlaşmaq sizə nə dərəcədə müyəssər olub?
– Çox yaxşı. Qafqazda böyümüşəm. İnsanlar üçün vacib olan bəzi məqamlar var. Şərəf və ya ləyaqət nədir, burada bir insan çox yaxşı öyrənir. Bir çoxu küçədə özləri böyüyür, səhər çıxır və axşam yeməyinə qayıdır. Düşünürəm ki, qaydalara əməl etsəniz, Azərbaycanda hər bir şəxs sakitcə yaşaya bilər. 11 yaşıma qədər akrobatika ilə məşğul olmuşdum, sonra futbol oynamağa başladım. İdman ustası namizədi idim, eyni zamanda futbolu yaxşı oynayırdım və böyük bir istək var idi. Anama dedim ki, yalnız futbolla məşğul olmaq istəyirəm, amma o, buna qarşı idi. Günlərin birində gəldim və anama bir müqavilə imzalamalı olduğumu söylədim, çünki artıq 18 yaşım var idi. Anam buna inanmırdı. Qəzetlərdə mənim haqqımda necə yazdıqlarını göstərmək üçün köşkə qaçmalı oldum. O zaman bildi ki, artıq ciddi oynayıram. Bir dəfə evə 350 dollarla qayanda anam mənə dedi ki, “bu pulu haradan oğurladın?” O, futbolla pul qazana biləcəyimə inanmırdı. Sonra bütün bunların ciddi olduğunu başa düşdü.

– Uşaqlarınız və arvadınız da futbolla məşğuldurlar. Uğurları varmı?
– İki oğlum və bir qızım var. Qız üzgüçülüklə məşğuldur, oğlanlar – futbolla. Böyüyürlər, futbolu sevirlər, çox oynayırlar. İdmançı ailəmiz var. Əsas odur ki, uşaqların bir istəyi var və onlar səy göstərir. Onları oyunlara gətirirəm, bazanı göstərirəm, hamısı bunlarla maraqlanır. Bəzən mənimlə məşq edirlər, buna görə artıq onların yolunu seçmişik.