Maksimo Perrone “Mançester Siti”də! – 11 milyonluq transfer

Argentinanın U-20 yığmasının yarımmüdafiəçisi Maksimo Perrone yetirməsi olduğu “Veles Sarsfild” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu İngiltərə nəhəngi “Mançester Siti”yə transfer olunub.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. İngilislər argentinalı futbolçunun transferi üçün “Veles Sarsfild”ə 11 milyon avro ödəyiblər. Onunla müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Maksimo Perrone qeyd etdiyimiz kimi, “Veles Sarsfild” klubunun öz yetirməsidir. Gənc yarımmüdafiəçisi bu klubun əsas komandasında 33 oyuna çıxıb. O, bu görüşlərdə 3 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Perrone ötən ilin yayından Argentinanın U-20 yığmasına da dəvət alır.

Yeri gəlmişkən, “Mançester Siti” argentinalı hücumçusu Nahuel Bustosu da “Talyeres” klubuna icarəyə verib. 24 yaşlı forvardın bu il dekabrın 31-nə qədər Argentina klubunun uğurları üçün çalışacağı diqqətə çatdırılıb.

Nahuel Bustos 2020-ci ildə məhz “Talyeres” klubundan 6.5 milyon avro qarşılığında “Mançester Siti”yə transfer olunmuşdu. Amma o, “şəhərlilər”in əsas komandasında oynamayıb. Bu üzdən də hücumçu daha öncə “Jirona” və “San Paulo” kimi komandalarda da icarədə oynayıb. Argentinalı forvard Meksikanın “Paçuka” klubunun da formasını geyinib.