Maldininin qovulmasına səbəb olan Furlani danışdı

Milan”ın baş direktoru Corcio Furlani Paolo Maldininin klubun texniki direktoru vəzifəsindən uzaqlaşdırılmasına münasibətini bildirib.

Arena.az xəbər verir ki, Furlaninin açıqlaması məsələyə səthi yanaşması ilə diqqət çəkir:

“Maldini bütün zamanların ən yaxşı oyunçularından biri olub. Menecer Frederik Massara kimi, o da bizim 19-cu çempionluğumuza nail olmağımızda mühüm rol oynayıb. Təəssüf ki, gedirlər.
Biz “Milan”ın həm meydanda, həm də meydan hüdudlarından kənarda tərəqqisinə davam etməsini istəyirik. Biz istəyirik ki, klub Avropanın aparıcı komandaları ilə rəqabət aparsın. Biz klubun texniki və idman bölməsinin inkişafı üçün işçi qrupunun yaradılmasına səbəb olan yenidənqurma haqda qərar qəbul etdik”.

Xatırladaq ki, 54 yaşlı Maldini futbolçu ikən bütün karyerasını “Milan”da keçirib. Paolonun futbolçu karyerası 1984-2009-cu illəri əhatə edir. Maldini 2018-ci ilin avqustunda “Milan”ın inkişaf üzrə direktoru təyin edilib, bir il sonra isə texniki direktor vəzifəsini alıb. Maldini bir mütəxəssis olaraq peşəkarlığı sayəsində “Golden Boy Awards” 2022 mükafatlandırma mərasimində “Ən yaxşı avropalı menecer” nominasiyasını qazanmağa nail olub.

Paolo Maldininin köməkçisi Frederik Massara 2019-cu ilin iyununda “Milan”ın idman direktoru təyin edilib və məlum səbəbdən Maldini ilə birlikdə vəzifəsindən uzaqlaşdırılıb. Massara Maldininin “sağ əli” kimi tanınıb.

Daha əvvəl Maldini və Massaranın klubdan uzaqlaşdırılmasının səbəbi olaraq, elə, həmin Corcio Furlani ilə fikir ayrılığı və qarşıdurma göstərilirdi.

“Milan”a gəlincə, komanda 2022/2023 mövsümünü 70 xalla dördüncü sırada tamamlayıb. Komanda növbəti mövsümdə Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.