Lion “Olimpik”inin 20 yaşlı belçikalı sol cinah hücumçusu Malik Fofana bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az xəbər verir ki, Fransa Liqa 1-in 9-cu turu çərçivəsində “Strasburq”a qarşı keçirdikləri ev oyunu Fofana üçün xoşagəlməz başa çatıb.
O, 2:1 hesabıyla qalib gəldikləri bu oyunda aldığı zədə səbəbindən matçı başa çatdıra bilməyib. 68-ci dəqiqədə əvəzlənmiş Fofananın tibbi müayinəsi sağ topuğunda vətərlərin ciddi gərilməsini aşkarlayıb.
İlkin təxminə görə, Fofana bir neçə ay müddətində futbolsuz qalmalı olacaq.
Malik Fofana “Gent”in öz yetirməsidir. Gənc vinger Lion “Olimpik”inə 2024-cü ilin yayında Belçika klubundan 19,5 milyon avro müqabilində keçib. Belçikalı futbolçunun Fransa klubu ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
Fofana cari mövsümdə meydana çıxdığı 12 oyunda 2 qol və 1 assistlə yadda qalıb. O, “Olimpik”in heyətində bütövlükdə 74 matça çıxıb, 17 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Fofana 2024-cü ilin oktyabr ayında debüt etdiyi Belçika yığmasında 5 oyuna 1 qol vurub.
“Transfermarkt” internet-portalı 20 yaşlı vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


 
                     
                     
                    













































