Malkom “Yuventus”a keçə bilər

Futbol üzrə Braziliya millisinin və Rusiyanın “Zenit” klubunun hücumçusu Malkom karyerasını “Yuventus”da davam etdirə bilər.

Arena.az bu barədə UOL-a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Qoca sinyora” artıq danışıqlara başlayıb və “Zenit” üçün rəsmi təklif hazırlanır. Turin klubu braziliyalı hücumçunun transferini 30-40 milyon avro məbləğində qiymətləndirir.

2022/2023 mövsümündə Malkom “Zenit”in heyətində 33 oyun keçirib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib. O, komandası ilə Rusiya çempionluğunu qazanıb və 23 qolla milli birinciliyin ən sərrast futbolçusu olub. Braziliyalı hücumçu Rusiya Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Malkom bu yaxınlarda Braziliya milli futbol komandasında debüt edib. O, Qvineya ilə yoldaşlıq görüşündə oyuna əvəzedici kimi daxil olub. “Selesao” bu oyunda 4:1 hesablı qələbə qazanıb.

“Transfermarkt” internet-portalı Malkomu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: