Mama Balde “Qarabağ”ın rəqibini “Brest”ə dəyişdi

Fransanın “Olimpik” (Lion) klubunun hücumçusu Mama Balde bundan sonra Liqa 1-in digər təmsilçisi “Brest”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Brest”in rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 28 yaşlı forvardı 4,5 milyon avro müqabilində heyətinə qatıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Mama Balde “Olimpik”ə ötən yay “Trua”dan icarə əsasında keçmişdi. Həmin vaxt bir mövsümlük icarə üçün 2 milyon avro ödəmiş lionlular bu yay daha 6 milyon avro ödəməklə Baldenin transfer hüquqlarını da almışdılar. Lakin cəmi bir ay sonra oyunçunun 4,5 milyon avroya fərqli kluba satılması gözlənilməz qarşılanıb.

Balde “Olimpik”də 25 oyuna çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. “Trua”, “Sportinq”, “Dijon”, “Deportivo”da (Aveş) da oynamış Mama, Qvineya Bisau yığmasında 29 oyuna 5 qol vurub.

Xatırladaq ki, Lion “Olimpik”i Avroliqada “Qarabağ”ın rəqiblərindən biridir.

“Brest” “Lans”ın müdafiəçisi Massadio Haydaranı da heyətinə qatıb. Azad agent statusuna malik 31 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

“Nansi”nin yetirməsi olan, “Nyukasl”da da oynamış Massadio Haydara 2018-ci ildən formasını geyindiyi “Lans”da 169 oyuna çıxıb, 4 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Vaxtilə Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış müdafiəçi 2019-cu ilin martında Mali millisində debüt edib və bugünə qədər 19 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Brest” “Renn”in sol vingeri İbrahim Salahla Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Sumaila Kulibalini də heyətinə qatıb. Onların hər ikisi icarəyə götürülüb. Salahın müqaviləsində transfer hüquqlarının satın alınmasına dair şərt də nəzərdə tutulub.

“Brest” iki oyunçusunu da satıb. 26 yaşlı fransalı vingeri Jeremi Le Duaron 4 milyon avro qarşılığında “Palermo”ya keçib. O, İtaliya klubu ilə 5 illik müqaviləyə imza atıb.

Mərakeşli mərkəz müdafiəçisi Əşrəf Dari isə Misirin “Əl-Əhli” klubuna keçib. Fransa klubu onun satışından 1,8 milyon avro qazanıb.

“Brest” 24 yaşlı yarımmüdafiəçisi Hianqa Mboku da “Red Star”a icarəyə verib. Fransalı futbolçu bu mövsümün sonunadək icarədə çıxış edəcək.