Fransa millisinin sabiq müdafiəçisi Mamadu Sako bundan sonra karyerasını Gürcüstan çempionatında davam etdirəcək.
Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu Kutaisi “Torpedo”suna keçib.
Bu barədə Kutaisi təmsilçisinin rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu bu gün Gürcüstana gedib tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək.
Xatırladaq ki, Fransa millisinin sabiq üzvü 2023-cü ilin noyabr ayından klubsuz idi. Həmin vaxt o, “Monpelye”nin baş məşqçisi Mişel Ter-Zakaryanla məşq zamanı əlbəyaxa olduğu üçün Fransa klubundan qovulmuşdu.
Mamadu Sako 2013-cü ilə qədər oynadığı PSJ-nin yetirməsidir. Sonralar o, 19 milyon avro müqabilində “Liverpul”a keçib. 2016-cı ildə Mamadu dopinq qalmaqalına düşüb, bundan sonra isə “Kristal Pelas”a icarəyə verilib. Bir il sonra “qartallar” Sakonu 28,2 milyon avroya satın alıblar. 2021-ci ilin iyulunda isə Sako azad agent qismində “Monpelye”yə qoşulub. Müdafiəçinin “Monpelye” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər idi.
Mamadu Sako 2010-cu ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 29 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı 35 yaşlı Mamadu Sakonun transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.