Fransa milli komandasının keçmiş mərkəz müdafiəçisi Mamadu Sako peşəkar futbolçu karyerasını başa vurduğunu elan edib.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını Fransa Kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilmiş PSJ – “Paris” matçı zamanı meydanda açıqlayıb.
Sakonun sonuncu iş yeri Gürcüstanın “Torpedo” (Kutaisi) komandası olub. Təcrübəli müdafiəçi Kutaisi təmsilçisinin heyətində 19 matçda meydana çıxıb. O, 2025-ci ilin yayında sözügedən klubdan ayrılandan bəri işsiz idi. Özünə yeni klub tapa bilməyən müdafiəçi futbolla birdəfəlik vidalaşmağa qərar verib.
Mamadu Sako 2013-cü ilə qədər oynadığı PSJ-nin yetirməsidir. Sonralar o, 19 milyon avro müqabilində “Liverpul”a keçib. 2016-cı ildə Mamadu dopinq qalmaqalına düşüb, bundan sonra isə “Kristal Pelas”a icarəyə verilib. Bir il sonra “qartallar” Sakonu 28,2 milyon avroya satın alıblar. 2021-ci ilin iyulunda isə Sako azad agent qismində “Monpelye”yə qoşulub. Müdafiəçi “Monpelye”dən ayrılandan sonra da “Torpedo”ya üz tutub.
Sakonun klub karyerası rəqəmlərin gözü ilə:
PSJ – 201 oyun (7 qol, 2 assist)
Liverpul – 80 oyun (3 qol)
Kristal Pelas – 75 oyun (1 qol, 2 assist)
Monpelye – 49 oyun (1 qol, 1 assist)
Torpedo – 19 oyun
Sako böyük futboldakı bütün titullarını PSJ ilə qazanıb. O, 2007/08 mövsümündə Fransa Liqa Kubokunun, 2009/10 mövsümündə Fransa Kubokunun, 2012/13 mövsümündə Fransa çempionatının və 2013/14 mövsümündə Fransa Super Kubokunun qalibi olub.
Mamadu Sako 2010-cu ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 29 oyun keçirib, 2 qol vurub.


