“Monpelye”dən ayrılan fransalı müdafiəçi Mamadu Sako bu qərarı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu özünün “X” şəbəkə hesabı üzərində bu sözləri qeyd edib:
“Artıq sizə hörmət olunmayanda masanı tərk etmək gərəkdir. Keçən həftə təlim mərkəzində baş vermiş və buna görə bütün məsuliyyəti öz üzərimdən götürdüyüm hadisədən sonra qərara gəldim ki, “Monpelye” ilə əməkdaşlığıma xitam verilsin.
Ailə mühiti olan bu klubda iki il keçirdim. Yüksək səviyyədə oynamaq təcrübəmi komanda yoldaşlarım və akademiyadan olan “kiçik qardaşlarım” ilə bölüşməkdən zövq aldım. Qüsursuz dəstəyə görə onlara təşəkkür edirəm. Həkim heyətinə də öz təşəkkürümü bildirirəm və klubda qalmağımı dəyərləndirmiş azarkeşləri də unutmayacağam. “Monpelye”dəki səyahətim boyu mənə sadiq idman direktoru Bruno Karottiyə təşəkkür edirəm.
Nəhayət, kluba rəhbərlik edən, mərhum atası kimi mənim üçün əziz olan dəyərlərə və prinsiplərə malik prezident Loran Nikollenə xüsusi təşəkkür etmək istərdim. Biz kişi kimi görüşdük – gəl elə, kişi kimi də ayrılaq. Mövsümün sonunda uğurlar diləyi ilə”.
Xatırladaq ki, bir müddət öncə Sako ikitərəfli oyun zamanı ona qarşı kobud oyun müqabilində vəziyyəti qeydə almamış baş məşqçi Mişel Ter-Zakaryana qəzəblənib. Erməni baş məşqçi cavab olaraq Sakonun üstünə qışqıraraq onun ağlağan adlandırıb. Məşqçinin ismarışı ondan ibarət olub ki, nə vaxt və necə məşq edəcəklərinə qərar verən futbolçular deyil. Sako baş məşqçinin bu sözlərinə cavab olaraq onu itələyib və Zakaryan yıxılıb. Bu üzdən də o, komandadan kənarlaşdırılmışdı və fərdi məşqlərlə kifayətlənirdi.
Mamadu Sako PSJ-nin yetirməsidir. Sonralar o, “Liverpul” və “Kristal Pelas”da da da çıxış edib. 2021-ci ilin iyulundan “Monpelye”də çıxış edən müdafiəçinin bu klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu. Sako cari mövsümdə “Monpelye”nin heyətində cəmi 1 oyun keçirmişdi. Onun bu komandadakı ümumi statistikası isə 49 oyun, 1 qol və 1 assistdən ibarətdir.
Mamadu Sako 2010-cu ilin noyabrında debüt etdiyi Fransa yığmasında 29 oyun keçirib, 2 qol vurub.