Mame Tiam Super Liqada klubunu dəyişdi

Futbol üzrə Seneqal milli komandasının və “Kayserispor”un hücumçusu Mame Tiam Türkiyə Super Liqasında iş yerini dəyişdirib.

Arena.az xəbər verir ki, o, “Kayserispor”dan ayrılaraq “Pendikspor”a keçib.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. “Pendikspor” bu transfer üçün Kayseri klubuna 1,25 milyon avro ödəyib. 31 yaşlı forvardın yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

Mame Tiam “Kayserispor”a 2021-ci ilin avqust ayında “Fənərbaxça”dan transfer edilmişdi. Kayseri klubu həmin vaxt bu transfer üçün 1,5 milyon avrosundan keçmişdi. Təcrübəli hücumçu Super Liqa təmsilçisində 76 oyun keçirib, 31 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Kayerasının ilk illəri İtaliyanın “İnter”, “Avellino”, “Südtirol”, “Lansano”, “Yuventus” kimi klublarında keçmiş Tiam, sonralar “Sulte Varegem”, PAOK, “Empoli”, “İstiqlal”, “Ayman”, “Kasımpaşa” və “Fənərbaxça”da da oynayıb. O, Seneqal milli komandasında cəmi 4 oyun keçirib və fərqlənə bilməyib.