Mançester nəhəngləri dələduzluqda ittiham edilirlər

Mançester nəhəngləri “Mançester Yunayted” və “Mançester Siti” gənc oyunçularla bağlı dələduzluqda ittiham edilirlər.

Arena.az “The Telegraph” nəşrinə istinadən məlumat verir ki, hər iki klub, klub akademiyalarının ölkədən kənarda doğulmuş oyunçularının təvəllüdünün yanlış göstərilməsində şübhəli bilinir.

Kütləvi informasiya vasitələrinə sızmış məlumata əsasən, şübhələr ən azı üç futbolçu üzərində dayanıb. Bu işdə “qırmızı şeytanlar”ın akademiyasının futbolçuları, Nkoto qardaşları – Bassiru və Duka ilə bağlı hazırda araşdırma gedir. Hər iki qardaş futbolçu 2022-ci ildə “Mançester Yunayted”in 14 yaşa qədər komandasına qoşulub.

Vurğulanır ki, bu məsələdə adları açıqlanmayan, eləcə də hələ naməlum olan digər futbolçular var.

Xatırladaq ki, hər iki klub yaz fasiləsinə yollanıb.

29 turdan sonra “Mançester Siti” 48 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-cidir. “Mançester Yunayted” isə 37 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.