“Mançester Siti” futbol üzrə İngiltərə çempionatının (Premyer Liqa) 2022/2023 mövsümünün sonuna iki tur qalmış çempion olub. Arena.az xəbər verir ki, buna “şəhərlilər”in əsas izləyicisi “Arsenal”ın 37-ci tur çərçivəsində “Nottingem Forest”lə ev oyunundan məğlubiyyətlə ayrılması şərait yaradıb.
Hazırda Mançester təmsilçisi 85 xalla vahid liderdir. Bu komandanın ehtiyatda hələ üç oyunu var. “Arsenal” isə keçirdiyi 37 oyunda 81 xal toplayıb. Bu isə o deməkdir ki, “topçular” mövsümdəki son oyundan qalib ayrılsa və mançesterlilər son üç matçda uduzsa belə, liderə çatmaq mümkün olmayacaq. Halbuki, London klubu bir neçə tur əvvələ qədər çox böyük üstünlüklə lider idi və çempionluğa əsas namizəd göstərilirdi.
“Arsenal” mövsümdəki son matçını mayın 28-də doğma meydanda “Vulverhempton”a qarşı keçirəcək. Köhnə-yeni çempion isə mayın 21-də “Çelsi”ni qəbul edəcək, ayın 24-də “Brayton”un, 28-də də “Brentford”un qonağı olacaq.
Xatırladaq ki, bu, “Mançester Siti”nin ardıcıl 3-cü, bütövlükdə isə 9-cu çempionluğudur. “Şəhərlilər” daha öncə 1936/1937, 1967/1968, 2011/2012, 2013/2014, 2017/2018, 2018/2019, 2020/2021 və 2021/2022 mövsümlərində də İngiltərə çempionu olub. 1903/1904, 1920/1921, 1976/1977, 2012/2013, 2014/2015 və 2019/2020 mövsümlərində isə bu komanda çempionatın gümüş medallarını qazanıb. Mançester təmsilçisi son beş çempionluğunu indiki baş məşqçisi Xosep Qvardiolanın rəhbərliyi altında rəsmiləşdirib.
İngiltərənin ən çox çempion olan komandası isə “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar” indiyə qədər 20 dəfə İngiltərə çempionu olub. İkinci pillədə 19 çempionluğu olan “Liverpul” qərarlaşıb. 13 çempionluğu olan “Arsenal” üçüncüdür. “Mançester Siti” 9-cu çempionluğunu rəsmiləşdirməklə “Everton”a çatıb.