“Mançester Siti” Çempionlar Liqasında finala darmadağınla yüksəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin sonuncu finalçısı İngiltərədə müəyyənləşib.

Burada yerli “Mançester Siti” İspaniya nəhəngi, Çempionlar Liqasının sonuncu qalibi “Real”la üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə “Mançester Siti” darmadağına sevinib. “Şəhərlilər” 4 cavabsız qolla qalib gəlməklə finala yüksəliblər.

Xatırladaq ki, daha öncə “İnter” İtaliyanın digər təmsilçisi “Milan”ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlmişdi. Beləliklə, UEFA Çempionlar Liqasında həlledici oyun “Mançester Siti” ilə “İnter” komandaları arasında keçiriləcək. Final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu

17 may

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 4:0
Qollar: Bernardo Silva, 23; 37. Eder Militao, 76-öz qapısına. Xulian Alvares, 90+1.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 1:1.

Mançester Siti: Ederson, Kayl Uoker, Ruben Dias, Manuel Akanci, Con Stounz, Rodri, Bernardo Silva, Kevin de Bruyne (k) (Fil Foden, 84), İlkay Gündoğan (Riyad Mahrez, 79), Cek Qriliş, Erlinq Haland (Xulian Alvares, 89).
Ehtiyat oyunçular: Ştefan Orteqa, Skott Karson, Kelvin Fillips, Riko Lyoris, Emerik Laporte, Serxio Qomes, Koul Palmer.
Baş məşqçi: Xosep Qvardiola.
Real: Tibo Kurtua, Eduardo Kamavinqa (Orelyen Tçuameni, 79), David Alaba, Eder Militao, Daniel Karvahal (Lukas Vaskes, 80), Luka Modriç (Antonio Rüdiger, 63), Toni Kroos (Marko Asensio, 70), Federiko Valverde, Vinisius Junior, Rodriqo (Dani Sebalyos, 81), Kərim Benzema.
Ehtiyat oyunçular: Andrey Lunin, Xesus Valyexo, Naço, Alvaro Odriossola, Ferlan Mendi, Mariano Dias, Eden Hazard.
Baş məşqçi: Karlo Ançelotti.