İngiltərə çempionu “Mançester Siti” Almaniya nəhəngi “Bayern”in yarımmüdafiəçisi Yozua Kimmixin xidmətlərində maraqlıdır.
Arena.az “90min” portalına istinadən xəbər verir ki, “şəhərlilər” bu məqsədlə hazırda icarə əsasında “Bayern”də çıxış edən öz portuqaliyalı müdafiəçisi Joao Kanselonu bu sövdələşməyə qatmaq istəyirlər.
Mənbənin verdiyi məlumata görə 28 yaşlı Kimmixin yeni klubda çıxış etmək üçün “Bayern”i tərk etmək ehtimalı var. Yarımmüdafiəçi ötən gün “Bayern”in heyətində Bundesliqa çempionluğunu bayram edib. Bu, onun ardıcıl səkkizinci çempionluğudur.
Kimmix “Bayern”də 2015-ci ildən çıxış edir. Cari mövsümdə yarımmüdafiəçi 47 oyunda “Bayern”in formasını geyinib. Bu oyunlarda 7 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Klubla futbolçu arasında müqavilə 2025-ci ilin yayına qədər qüvvədədir.
Kanseloya gəlincə, bir çox KİV-də portuqaliyalı müdafiəçinin “Mançester Siti”də Qvardiola ilə mübahisəli olduğu haqda məlumat yayılıb. Bu arada “Bayern”in də Kanselonun xidmətində maraqlı olmadığı haqda məlumat sızmışdı. Portuqaliyalı müdafiəçi həm də “Barselona”nın maraq dairəsindədir.