“Mançester Siti” Premyer Liqaya qarşı ilk məhkəmə işini qazandı

“Mançester Siti” çempionatın maliyyə qaydalarını pozmaqda ittihamı üzrə İngiltərə Premyer Liqasına qarşı ilk məhkəmə işində qalib gəlib.

Arena.az bu barədə “The Times” nəşrinə istindən məlumat verir.

Mənbənin məlumatına görə, Mançester klubunun qələbəsi Premyer Liqanın “əlaqədar tərəf sövdələşmələri” qaydalarına yenidən baxılmasına səbəb ola bilər. Bu isə öz növbəsində, klubların klub sahibləri ilə əlaqəli şirkətlərlə bazardankənar himayədarlıq müqavilələri bağladığı zaman ciddi yoxlamaların aparılmasını tələb edir.

İndi bu qaydalara nəinki yenidən baxıla, hətta bunların ləğv edilə biləcəyi vurğulanır. Bu halda “Mançester Siti” kimi klublar müstəqil qiymətləndirmədən himayədarlıq müqavilələri bağlaya biləcəklər.

Xatırladaq ki, Mançester klubu 2009-2018-ci illər ərzində maliyyə ədaləti qaydalarını pozmaqda ittiham edilir. “Şəhərlilər”in, həyata keçirdikləri maliyyə ödənişlərini tam açıqlamadıqları güman edilir. Təhqiqat 115 müvafiq qanun pozuntusunu aşkar edib və iş bu pozuntular əsasında açılıb.