“Mançester Siti” “qızıl dubl”u rəsmiləşdirdi – Video

Bu mövsüm Premyer Liqa çempionu olan “Mançester Siti” İngiltərə Federasiya Kubokunun da 2022/2023 mövsümünün qalibi adını qazanıb.

Arena.az xəbər verir ki, “şəhərlilər” həlledici oyunda əzəli rəqib “Mançester Yunayted”lə üz-üzə gəliblər.

Londondakı “Uembli” stadionunda baş tutan qarşılaşmanı Pol Tirni idarə edib. Oyunda hesab 13-cü saniyədə (!) açılıb. İlkay Gündoğan “Siti”ni hesabda önə keçirib. O, bu qol sayəsində həm də turnirin tarixində vurulmuş ən erkən qolun müəllifinə çevrilib. Ruhdan düşməyən “qırmızı şeytanlar” 33-cü dəqiqədə penaltidən vurduqları qolla hesaba tarazlıq gətiriblər. Amma 51-ci dəqiqədə yenidən səhnəyə çıxan İlkay Gündoğan özünün və komandasının ikinci qolunu vurub. Qalan dəqiqələrdə hesab dəyişməyib və “şəhərlilər2” əzəli rəqib üzərində qələbə ilə İngiltərə Federasiya Kubokunun qalibi olublar.

Xatırladaq ki, “Mançester Siti” tarixində 7-ci dəfə İngiltərə Federasiya Kubokunun qalibi olur. Sözügedən komanda daha öncə 1903/1904, 1933/1934, 1955/1956, 1968/1969, 2010/2011 və 2018/1019 mövsümlərində də bu turnirdə hamıdan güclü olmuşdu.

İngiltərə Federasiya Kubokunda hamıdan çox qələbəsi olan komanda isə “Arsenal”dır. Londonlular 14 dəfə bu turnirdə zəfər qazanıblar. “Mançester Yunayted” 12, “Liverpul”, “Tottenhem” və “Çelsi” 8 dəfə bu kubokun sahibi olub. “Siti” isə kubok sayında “Aston Villa”ya çatıb.

Xosep Qvardiolanın rəhbərlik etdiyi Mançester təmsilçisi daha öncə İngiltərə Premyer Liqasının da qalibi olduğundan, artıq “qızıl dubl”a imza atıb. “Şəhərlilər”in qarşıda “trebl”ə imza atmaq fürsəti də var. Bunun üçün isə UEFA Çempionlar Liqasının iyunun 10-da baş tutacaq İtaliya “İnter”i ilə final oyunundan qalib ayrılmaq lazımdır.

İngiltərə Federasiya Kuboku
Final
3 iyun

Mançester Siti – Mançester Yunayted 2:1
Qollar: İlkay Gündoğan, 1; 51 – Bruno Fernandes, 33-pen.