“Mançester Siti”, Qvardiola və Foden üçün əlamətdar oyun

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Dortmund “Borussiya”sını ilk oyunda olduğu kimi, cavab görüşündə də 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” yarımfinala vəsiqəni təmin etdi.

Arena.az xəbər verir ki, İngiltərə təmsilçisi bu mövsüm qitənin ən nüfuzlu klub turnirində uduzmayan yeganə komandadır.

Xosep Qvardiolanın yetirmələri keçirdiyi 10 matçın 9-da qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Bu müddətdə 21 qol vuran Premyer Liqa təmsilçisi qapısında 3 top görüb.

Qvardiola isə baş məşqçi kimi çalışdırdığı komandanı 8-ci dəfə ÇL-in yarımfinalına daşıyıb. İspan mütəxəssis “Tottenhem”in çalışdırıcısı Joze Mourinyoya məxsus rekordu təkrarlayıb. Pep 4 dəfə “Barselona”, 3 dəfə də “Bavariya” ilə buna nail olub.

“Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden də yeni rekorda imza atıb. Mayda 21 yaşı tamam olacaq oyunçu turnirdə 6-cı qolunu vurub. Bununla Foden 21 yaşadək futbolçular arasında ən məhsuldarıdır. O, Alan Smit (“Lids”), Ceydon Sançonun (“Borussiya”, Dortmund) 21 yaşı tamam olmamış vurduğu 5 qolluq rekordunu yeniləyib.

Foden bu oyunda qol vurmaqla həm də PSJ-də çıxış edən Kilian Mbappenin uğurunu təkrarlayıb. İngiltərəli gənc forvard 21 yaşına çatmadan bu mərhələdə qol vuran ikinci oyunçu olub. Daha əvvəl bu uğuru Mbappe gerçəkləşdirib.

Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasının yarımfinalında PSJ ilə üz-üzə gələcək.