Futbol üzrə İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün qalibi olan “Mançester Siti” rekord məbləğdə mükafat alacaq.
Arena.az “Daily Mail”ə istinadən xəbər verir ki, sözügedən klub 166 milyon funt-sterlinq məbləğində çempionluq mükafatı alacaq ki, bu da Premyer Liqanın rekordudur.
Bu məbləğə yerli və xarici televiziyalarından əldə edilmiş gəlir, turnir cədvəlində komandanın tutduğu mövqeyə müvafiq məbləğ, kommersiya gəlirlərindən əldə edilmiş pay və həmçinin Böyük Britaniya televiziyasında mütəmadi olaraq çıxışa görə verilən bonuslar daxildir.
Xatırladaq ki, ötən mövsüm də Premyer Liqanın qalibi olmuş Xosep Qvardiolanın yetirmələri həmin vaxt 153 milyon funt-sterlinq gəlir əldə etmişdilər.
Mənbədən verilmiş digər məlumata görə, Premyer Liqanın 20 klubunun cari mövsümdə alacağı mükafat 2.7 milyard funt-sterlinq təşkil edir.
“Mançester Siti” bu mövsüm keçirdiyi 38 oyunda 28 qələbə qazanıb, 5 heç-heçə və 5 məğlubiyyət görüb. Ən yaxın izləyicisi “Arsenal”ı5 xal qabaqlayan komanda çempionluğu 89 xalla təmin edib.