“Mançester Siti” mövsümü mübarizə apardığı hər üç cəbhədə qələbə ilə başa vurması münasibətilə zəfər yürüşü keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə hesablarından məlumat yayıb.
Zəfər yürüş bazar ertəsinə – 12 iyuna planlaşdırılıb.
Həmin gün komanda klubun avtobusu ilə Mançester küçələrindən keçəcək. Tədbirdə xüsusi zəfər paradı da nəzərdə tutulub.
Xatırladaq ki, “şəhərlilər” ötən gecə UEFA Çempionlar Liqasının final oyununda “İnter”i minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 68-ci dəqiqədə Rodri vurub.
“Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. Mançester təmsilçisi bu qələbəsi ilə həm də “trebl”ini rəsmiləşdirib: klub Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.


