İngiltərənin “Mançester Siti” klubunun niderlandlı mərkəz müdafiəçisi Natan Ake qarşıdakı 7 oyunda meydana çıxa bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin baş məşqçisi Xosep Qvardiola məlumat verib.
O, futbolçunun növbəti beynəlxalq fasilədən sonra meydana qayıda biləcəyini deyib. Bu isə o deməkdir ki, Ake qarşıdakı 7 matçda oynaya bilməyəcək.
Xatırladaq ki, 29 yaşlı müdafiəçi sentyabrın 10-da UEFA Millətlər Liqası çərçivəsində baş tutan Niderland – Almaniya matçında (2:2) əzələsindən zədə alıb.
Natan Ake “Mançester Siti”yə 2020-ci ilin avqustunda “Bornmut”dan 45,3 milyon avro qarşılığında keçib. 29 yaşlı futbolçunun “şəhərlilər”lə sözləşməsinin müddəti 2027-ci ilin 30 iyununa qədərdir. O, bu komandanın heyətində meydana çıxdığı 127 oyunda 10 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ake “şəhərlilər”lə İngiltərə çempionluğunu (4 dəfə), İngiltərə Federasiya Kubokunu, İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, FİFA Klub Dünya Kubokunu qazanıb.
Niderland milli komandasında 53 oyuna 5 qol vurub, 3 məhsuldar ötürmə vermiş müdafiəçi karyerası ərzində “Bornmut”, “Çelsi”, “Ridinq”, “Uotford” kimi klubların da formasını geyinib.