“Mançester Siti”nin məhkəmə tarixi məlum oldu

İngiltərə Premyer Liqası 115 maliyyə qaydasını pozmuş “Mançester Siti”nin işinə baxılması üçün məhkəmə iclasının vaxtını təyin edib.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, qurum məhkəmə iclasının tarixi ilə əlaqədar Mançester klubu ilə öncədən razılıq əldə edib.

Bildirilir ki, müvafiq iş üzrə məhkəmə prosesi 2024-cü ilin payızının sonlarına təyin edilib. Bu iş üzrə yekun qərarın 2025-ci ilin yayında veriləcəyi ehtimalının daha yüksək olduğu vurğulanır. Lakin proses zamanı gecikmələr də ola bilər ki, bu da məhkəməni daha gec hökm verməyə məcbur edə bilər.

Xatırladaq ki, ötən ilin fevralında İngiltərə Premyer Liqası “Mançester Siti”ni 2009/2010 mövsümündən 2017/2018 mövsümünə qədər müddətdə 115 müxtəlif maliyyə qaydasını pozmaqda ittiham etmişdi. Premyer Liqa 2018-ci ilin qışında bu məsələ ilə bağlı araşdırmaya başlayıb.

Mətbuatda, təqsiri sübuta yetiriləcəyi halda Mançester təmsilçisinə kəsiləcək cəzalar indidən gündəmdir. “Şəhərlilər”in pul cəzası ilə “mükafatlandırılması”, transfer qadağalarına məruz qalması, turnir xallarından məhrum edilməsi, aşağı diviziona göndərilməsi haqda şayiələr gəzir. Ən ağır cəza isə klubun qayda pozuntularına yol verdiyi müddətdən etibarən qazandığı bütün qənimətlərindən məhrum edilməsi göstərilir.