“Mançester Siti”nin sahibi Şeyx Mənsur Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin təşkilatçılığı ilə istintaqa cəlb edilib.
Arena.az “Goal.com” portalına istinadən məlumat verir ki, “şəhərlilər”in himayədarı Rusiya ilə əlaqələrdə şübhəli bilinir.
İngiltərə hüquq-mühafizə orqanlarının məlumatına görə, 2008-ci ilin avqust ayından Mançester klubunun sahibi olan Şeyx Mənsur, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra, rus maqnatlarına öz vəsaitlərini İngiltərədən Birləşmiş Ərəb Əmirliklərinə köçürməyə kömək edib.
52 yaşlı şeyx Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidentidir və onun şəxsi sərvəti təxminən 16 milyard avro məbləğində qiymətləndirilir. Bu heyrətamiz rəqəm son illərdə “Mançester Siti”nin Premyer Liqadakı üstünlüyünü bir növ nümunə olaraq izah edir. Amma Britaniya hökumətinin irəli sürdüyü ittihamlar sənədləşdirilərsə, şeyx klubu itirə bilər.
Premyer Liqanın yeni qaydalarına əsasən, klub sahiblərinin və direktorlarının cinayət əməllərində və ya insan hüquqlarının pozulmasında iştirak etdikləri aşkar edilərsə, onlar tutduqları vəzifələrdən uzaqlaşdırıla bilərlər.