“Mançester Yunayted” ənənəvi şam yeməyini ləğv etdi

İngiltərə nəhəngi “Mançester Yunayted” mayın 20-də baş tutmalı olan ənənəvi komanda şam yeməyini ləğv edəcək.

Arena.az “Daily Mail” internet-nəşrinə istinadən məlumat verir ki, klub rəhbərliyinin müvafiq qərarı “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçi Erik ten Haqın rəhbərliyi altında tarixi uğursuz mövsümünün nəticələri ilə əlaqədardır.

Xatırladaq ki, “Mançester Yunayted” üçün 2023/2024-cü illər mövsümü mayın 25-də başa çatacaq. Həmin gün Erik ten Haqın “qırmızı şeytanlar”ı İngiltərə Kubokunun finalı çərçivəsində Londonun “Uembli” stadionunda əzəli rəqibi “Mançester Siti” ilə qarşılaşacaqlar.

İngiltərə Premyer Liqasının 36 turundan sonra Mançester təmsilçisi 54 xalla yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bu, klub tarixinin Premyer Liqada ən biabırçı nəticəsidir.

Daxili çempionat çərçivəsində mankunianlıların qarşıda iki oyunu var. Mayın 15-də Erik ten Haqın komandası evdə “Nyukasl”ı qəbul edəcək, dörd gün sonra, mayın 19-da isə “qırmızı şeytanlar” “Brayton” səfərinə yollanacaqlar.