“Mançester Yunayted” baş məşqçini qovdu

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Ole Qunnar Sulşer ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.

Ole Qunnar Sulşer 2018-ci ilin dekabrından “Mançester Yunayted”ə rəhbərlik edirdi. “Qırmızı şeytanlar” bu mütəxəssisin rəhbərliyi altında 168 matça çıxıb, 91 qələbə qazanıb, 37 heç-heçə edib, 40 matçda isə məğlubiyyətlə üzləşib.

“Mançester Yunayted” bu mövsüm İngiltərə Premyer Liqasında 12 oyuna topladığı 17 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Beş qələbəsi olan komanda bir o qədər oyunda da məğlubiyyətə üzülüb.