“Mançester Yunayted” – cari mövsümün üç yenilməzindən biri!

Oyun böhranı mənzərəsində tarixən ən pis dövrünü yaşayan “Mançester Yunayted” avrokublardakı statistikası ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, İngiltərə nəhəngi UEFA Çempionlar Liqası və Avropa Liqasının cari mövsümünün 72 iştirakçısı arasında məğlubiyyət acısı dadmamış yeganə klubdur.

Xatırladaq ki, “qırmızı şeytanlar” Avropa Liqasının Liqa mərhələsini 18 xalla 3-cü yerdə başa vurublar. Mançester klubu hər biri 19 xal toplamış “Latsio” və Bilbao “Atletik”indən sonra ilk üçlüyü qapayaraq, yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqəni təmin edib.

Avroliqanın Liqa mərhələsində “Mançester Yunayted” 5 qələbə və 3 heç-heçə ilə fərqlənib, 16 qol vurub, 9 qol buraxıb.

1/8 final mərhələsində “qırmızı şeytanlar” “Real Sosyedad”la qarşılaşacaqlar. İngiltərə təmsilçisi ilk oyunu martın 6-da səfərdə, cavab oyununu isə martın 14-də evdə keçirəcək.

Əlavə edək ki, cari mövsümdə avrokuboklarda məğlubiyyət acısı dadmamış daha iki klub var. Bunlar Avropa Konfrans Liqasının iştirakçıları – yarışın çempionu adına əsas namizəd “Çelsi” və Gimaraynş “Vitoriya”sıdır.