“Mançester Yunayted”: “Çelsi”, 58 milyon avro bəs edər?

Mançester Yunayted” “Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt üçün 58 milyon avroluq ilkin təkliflə “zadəganlar”a müraciət etməyə hazırlaşır.

Arena.az xəbər verir ki, bu barədə məşhur “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin şəxsi şərtlərini müzakirə etməkdə çətinlik çəkməyəcəklər. Yeganə mümkün maneənin kompensasiyanın son məbləği olması istisna edilmir.

“Mançester Yunayted” Mauntdan başqa, adı çəkilməyən daha bir yarımmüdafiəçi ilə maraqlanır. Klub həmçinin “Tottenhem”in hücumçusu Harri Keyni də heyətinə qatmaq istəyindədir.

Maunt başa çatmış mövsümdə “Çelsi”nin heyətində 35 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet-portalı Mauntu 65 milyon avro məbləğində dəyərləndirir.

Daha əvvəl “qırmızı şeytanlar”la Maunt arasında müqavilənin əsas şərtləri ilə bağlı razılıq əldə olunduğu haqda məlumat yayılmışdı.