“Mançester Yunayted” De Xeaya əvəzedici tapdı

“Mançester Yunayted” komandadan azad agent kimi ayrılmış qapıçı David de Xeanın yerinə transfer etmək istədiyi qolkiperi müəyyənləşdirib.

Arena.az “Daily Mail”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” İspaniyadan olan qapıçının əvəzində onun “Brayton”dakı həmyerlisi Robert Sançesi gətirməyi düşünür.

Məlumata görə, 25 yaşlı qolkiper Roberto De Zerbinin rəhbərliyi altında oyun təcrübəsini itirib və şəraitini dəyişmək istəyir. Robert Sançesin “Brayton”la müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Robert Sançes “qağayılar”ın heyətində 25 oyuna çıxıb, 30 qol buraxıb, 8 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı Robert Sançesi 22 milyon avro məbləğində qiymətləndirir.

David de Xeaya gəlincə, “Mançester Yunayted” ispan qapıçı ilə müqaviləni yeniləməyib. Bu üzdən də o, 12 il çıxış etdiyi klubdan azad agent qismində ayrılmaq məcburiyyətində qalıb. De Xeanın “qırmızı şeytanlar”dan ayrılmaq istəmədiyi, hətta məvacibinin azaldılması hesabına komandada qalmaq istəyinə rəğmən, klub rəhbərliyi qapıçının bu təklifini maaşının daha da azaldılması təklifi ilə qarşılayıb. Müqavilə müddəti başa çatınca isə De Xea azad agentə çevrilib. Bununla belə, rəhbərlik başqa qapıçı imzalaya bilməyəcəyi halda, yenidən De Xeanı qaytarmaq haqda düşünür və ispan qapıçıya hələ, başqa klubla müqavilə bağlamaq icazəsini verməyib. Bu şifahi razılaşma De Xeanının yenidən “qırmızı şeytanlar”ın cərgəsinə qoşulması ehtimalını saxlasa da, ictimaiyyət müvafiq vəziyyəti “Mançester Yunayted” rəhbərliyinin veteran De Xeaya münasibətdə hörmətsizliyi kimi qiymətləndirib.

Xatırladaq ki, Mançester klubunun rəhbərliyi “İnter”in qapıçısı Andre Onananı da transfer etmək haqda düşünür.