“Mançester Yunayted” Erik ten Haqın təyinatını rəsmən açıqladı

İngiltərənin “Mançester Yunayted” klubu əsas komandanın yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. Arena.az xəbər verir ki, “qırmızı şeytanlar”ı gözlənildiyi kimi, Erik ten Haq çalışdıracaq.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Niderlandlı mütəxəssis yeni komandasındakı fəaliyyətinə bu mövsümün sonundan etibarən başlayacaq. Məsələ burasındadır ki, 52 yaşlı məşqçi hazırda ölkəsində “Ayaks”ın sükanı arxasında çalışır. Onunla müqavilənin müddəti 2025-ci ilədək nəzərdə tutulub. Tərəflər sözləşmənin müddətini daha bir il artıra bilərlər.

Hazırda “Mançester Yunayted”ə almaniyalı Ralf Ranqnik başçılıq edir. Lakin komanda onun rəhbərliyi altında çox uğursuz bir mövsüm keçirir. Avrokuboklarda mübarizəni dayandıran İngiltərə nəhəngi, Premyer Liqada da çempionluq şansını itirib. Mançester təmsilçisi bu mövsüm 33 oyuna topladığı 54 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. “Qırmızı şeytanlar”ın hazırkı əsas hədəfi növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanmaqdır. Bunun üçün komanda ən azı ilk dördlükdə qərarlaşmalıdır.

Erik ten Haqa gəlincə, bu mütəxəssis 2017-ci ildən “Ayaks”a rəhbərlik edir. O, bu komandanı iki dəfə Niderland çempionu edib. Bu mövsüm də sözügedən kollektiv ölkə çempionu olmağa çox yaxındır. “Ayaks” ten Haqla iki dəfə ölkə kubokunun da qalibi olub. Təcrübəli mütəxəssis daha öncə ölkəsində “Utrext” və “Qo Ehed İqls” komandalarını da çalışdırıb. 2013-2015-ci illər aralığında isə o, Almaniyanın “Bayern” klubunun əvəzedici komandasına rəhbərlik edib.