“Mançester Yunayted” Hannibal Mejbri ilə müqaviləni yenilədi

İngiltərənin “Mançester Yunayted” klubu gənc yarımmüdafiəçisi Hannibal Mejbri ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı vurğulanıb. Lakin müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, komandanın gələcək ulduzlarından hesab olunan Mejbri, 2019-cu ildə “Monako”dan transfer edilib. Tunis əsilli fransalı futbolçu, həmin dövrdən bəri “qırmızı-şeytanlar”ın U-21 komandasında forma geyinirdi.

Hannibal Mejbri bu mövsüm gənclərdən ibarət komandanın heyətində meydana çıxdığı 18 çempionat matçında 4 qol və 7 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Bu üzdən onun əsas komandaya da dəvət olunması gözlənilir.