“Mançester Yunayted” oyunçuların üzərinə kamera yerləşdirə bilər

“Mançester Yunayted”in həmsahibi Qleyzer ailəsi klub azarkeşlərinə yayım satmaq üçün oyunçuların formalarına kameralar yerləşdirmək istəyir.

Arena.az bu barədə ESPN dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Ed Vudvord Mançester klubunun idarəçiliyinə ilham verib və Qleyzerlərin böyük ümidi artırılmış gerçəklik (augmented reality) sisteminin tətbiqinədir. Bir oyunçunun bədəninə AR cihazını taxa biləcəyi texnologiya artıq mövcuddur və dünyanın istənilən yerində bir azarkeş oyunu sevimli oyunçunun gözü ilə görmək üçün kiçik bir məbləğ ödəyə bilər.

Həmçinin, 90 dəqiqə ərzində Markus Raşford və ya Bruno Fernandes “olmaq üçün” azarkeşlər ödəniş edə bilsələr, nəhəng tərəfdaş bazası olan klub daha çox pul qazana bilər.

Hazırda Premyer Liqada keçirdiyi 24 oyundan sonra “Mançester Yunayted” 41 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.