“Mançester Yunayted”in yeni həmsahibi Cim Retkliff bu yay “qırmızı şeytanlar”ın heyətində genişmiqyaslı islahat aparmağı planlaşdırır.
Arena.az xəbər verir ki, o, bunun üçün komandanın 21 futbolçusunu satmağa hazırdır.
İddiaya görə, Retkliff bu oyunçularla ayrılmağa hazırdır: qapıçı Tom Hiton, sağ cinah müdafiəçisi Aaron Van-Bissaka, mərkəz müdafiəçiləri Rafael Varan, Viktor Lindelöf, Conni Evans və Harri Maquayr, yarımmüdafiəçilər Kazemiro, Kristian Eriksen, Sofyan Amrabat, Skott Maktominey, hücum xəttinin oyunçuları Antoni Marsyal, Markus Raşford, Antoni, Omari Forson, Amad Diallo.
Mümkün satış üçün həmçinin hazırda icarədə olan oyunçular da nəzərdən keçirilir: vingerlər Fakundo Pelyistri, Ceydon Sanço və Meyson Qrinvud, yarımmüdafiəçilər Donni van de Bek və Hannibal Mejbri, müdafiəçi Brandon Uilyams.
Yeri gəlmişkən, cari mövsümdə “Xetafe”də icarə əsasında çıxış edən, “Mançester Yunayted”in ingilis vingeri Meyson Qrinvud karyerasını “Barselona”da davam etdirə bilər. İddiaya görə, “Barselona” Qrinvudla ciddi maraqlanır. Kataloniya nəhəngi Qrinvudu gələn mövsüm “blauqrana”nın hücum xəttini gücləndirmək üçün “ucuz xərcli” bir seçim olaraq görür.
“Roma”nın və Argentina yığmasının hücumçusu Paulo Dibala da qarşıdan gələn yay transfer pəncərəsində “Barselona”ya keçə bilər.
Argentinalı hücumçunun nümayəndələri Kataloniya klubunun rəhbərliyinə müştərisinin xidmətlərini təklif ediblər.
30 yaşlı futbolçunun “Roma” ilə cari əmək müqaviləsində təzminat məbləği ilə bağlı bənd var ki, bu da 12 milyon avro məbləğindədir. “Blauqrana”nın rəhbərliyinin bu seçimdə maraqlı olduğu və argentinalı futbolçunun agentlərinə mümkün müqavilə üzərində çalışacaqlarına söz verdiyi vurğulanır. Həmçinin vurğulanır ki, Dibalanın aşağı təzminat məbləği maliyyə vəziyyəti çətin olan “Barselona”nın müvafiq transferi həyata keçirməsini xeyli asanlaşdıra bilər.


