Mandraqora yenə “Yuventus”a lazım olmadı, “Fiorentina”ya satıldı

İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçisi Rolando Mandraqora ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı futbolçunu A Seriyasının digər iştirakçısı “Fiorentina”ya satıb.

Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. “Yuventus” italiyalı yarımmüdafiəçinin transferinə görə 8.2 milyon avro gəlir əldə edib. Bu məbləğin üç mövsüm ərzində ödəniləcəyi bildirilir.

Artıq “Fiorentina” da yeni transferini rəsmən açıqlayıb. Rəsmi müqavilənin müddəti və digər detalları açıqlanmasa da, İtaliya mətbuatı futbolçunun 4+1 illik sözləşməyə imza atdığını yazır.

Rolando Mandraqora “Cenoa”nın yetirməsidir. O, peşəkar karyerasına da məhz Genuya klubunda başlayıb. 2015-16 mövsümünü icarə əsasında “Peskara”da keçirmiş yarımmüdafiəçi 2016-cı ildə “Yuventus”a transfer olunub. Həmin vaxt Turin təmsilçisində cəmi 1 oyun keçirən Mandraqora, “Krotone”yə icarəyə verilib. 2018-ci ildə Rolandonu “Udineze”yə satan turinlilər, 2020-ci ildə onu yenidən geri qaytarıblar. Amma yarımmüdafiəçi yenə “Yuventus”da heyətə düşə bilməyib və son iki mövsümdə “Udineze” və “Torino”da icarədə olub. Mandraqora İtaliya yığmasında da 1 oyun keçirib.