Manu Morlanes üçün 4 milyon avro ödədilər

Bu ilin əvvəlində “Vilyarreal”dan icarə əsasında “Malyorka”ya keçən Manu Morlanes indiki komandasında qalmağa qərar verib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi 24 yaşlı futbolçunun transfer hüquqlarını alıb.

“Malyorka” yanvarda satınalma şərti ilə icarəyə götürdüyü ispan yarımmüdafiəçinin birdəfəlik transferi üçün “Vilyarreal”a 4 milyon avro ödəyib. Morlanesin “Malyorka” ilə müqaviləsinin müddəti isə açıqlanmayıb.

Xatırladaq ki, Manu Morlanes yanvardan bəri “Malyorka”da cəmi 9 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol da vurub.

“Vilyarreal”ın yetirməsi “Malyorka”dan öncə “Almeriya” (39 oyun, 1 qol və 3 asist) və “Espanyol”da (30 oyun, 2 qol) da icarədə oynayıb. O, “Vilyarreal”ın əsas komandasında isə 45 oyun keçirib və 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu ölkəsinin əsas millisində debüt şansı qazanmayıb.