İspaniyanın “Vilyarreal” klubunun yarımmüdafiəçisi Manu Morlanes La Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, İspaniyadan olan 24 yaşlı futbolçu La Liqanın digər iştirakçısı “Malyorka”ya keçib.
O, yeni komandasına icarə əsasında keçib. Müqavilədə satınalma şərti də var. “Malyorka” yayda onun transfer hüquqlarını da almaq istəsə, 4 milyon avro ödəmək məcburiyyətində qalacaq.
Manu Morlanes “Vilyarreal”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 45 oyun keçirib, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış mərkəz yarımmüdafiəçisi, daha öncə “Almeriya” və “Espanyol”da da icarədə olub.

“Malyorka” Kolumbiyanın U-20 yığmasının və “Deportivo Kali” klubunun hücumameyilli yarımmüdafiəçsi Daniel Lunanın da icarəyə götürüb. 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Deportivo Kali”nin öz yetirməsi olan gənc yarımmüdafiəçi bu komandada 47 oyuna 5 qol vurub, 2 məhsuldar ötürmə verib. O, Kolumbiyanın U-20 yığmasında da 17 oyuna 3 qol müəllifi olub.

“Malyorka” sol cinah müdafiəçisi Brayan Kufreni isə ABŞ-ın “Nyu York Siti” klubuna icarəyə göndərib. Argentinadan olan 25 yaşlı futbolçu 2023-cü ilin dekabr ayına kimi satınalma şərti ilə MLS təmsilçisinə icarəyə verilib. Argentinanın “Veles Sarsfild” klubunun yetirməsi olan Kufre, 2020-ci ilin sentyabrında transfer olunduğu “Malyorka”da 39 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2021/22 mövsümündə “Malaqa”da da icarədə olub.


