Manuel Noyer AÇ-də Almaniya millisinin əsas qapıçısı olacaq

Almaniya yığmasının qapıçısı Manuel Noyer Almaniyanın ev sahibi olduğu AÇ-2024-də bundestimin əsas qapıçı olacaq.

Arena.az məlumat verir ki, bu barədə Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman bildirib:

“Biz Noyerin əsas heyətdə olmasına qərara verdik. Təəssüf ki, “Manu” zədələnib, amma bu, sadəcə olaraq, həddindən artıq gərginlikdir. O, cəmi 10 gün buraxacaq, ona görə də mən qərarımı dəyişməyəcəyəm”, deyə alman mütəxəssis vurğulayıb.

Xatırladaq ki, aldığı zədə səbəbindən Noyer bundestimin Fransa (23 Mart) və Niderland (26 Mart) yığmaları ilə yoldaşlıq oyunlarını buraxacaq.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.

Noyerin münhenlilərlə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 28 qol buraxıb, 9 oyunda qapısının toxunulmazlığını təmin edib.

Manuel Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Manuel Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı alman qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.