AÇ-2024-ün qrup mərələsinin 3-cü turunda İsveçrə yığması ilə oyun, Almaniya yığmasının qapıçısı Manuel Noyer üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, qapıçı Noyer Avropa çempionatları tarixində 18-ci dəfə meydana çıxmaqla qitə birinciliyi çərçivəsində həmkarları arasında mütləq rekord müəyyənləşdirib.
Noyer 18-ci dəfə Avropa çempinatlarında meydana çıxaraq qapısını qoruyub və bu göstəricidə daha əvvəl rekorduna şərik olduğu, İtaliya yığmasının əfsanəvi qapıçısı Canluici Buffonu geridə qoyub.
Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubunun düşərgəsinə 30 milyon avro müqabilində elə, “Şalke”dən keçib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Noyer “Bayern”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 43 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib. Noyerin “Bayern”in heyətində çıxışının ümümi mənzərəsi isə 521 oyun, 427 buraxılmış qol və 244 “quru” oyundan ibarətdir.
Manuel Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində isə 122 oyun keçirib, 116 qol “yeyib”, 50 oyundan “quru” qurtulub.
Manuel Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı qolkiperin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.