Manuel Noyer gənc idmançı xanımla ailə həyatı qurdu – Foto

“Bayern”in 37 yaşlı alman qapıçısı Manuel Noyer 23 yaşlı həndbolçu Anika Bissel ilə nikaha daxil olaraq toy çaldırıb.

Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.

İdmançıların toyunun kütləvi tədbir olmadığı bildirilir. Toy mərasimi yaxın bir ailə dairəsində təşkil edilib. Həndbolçu xanım sosial şəbəkədəki profilində də soyadını dəyişib. Anikanın Maneldən uşaq gözlədiyi də vurğulanır.

Xatırladaq ki, Noyerin Bissel ilə münasibətdə olması barədə məlumat hələ 2020-ci ildən vardı. Cütlük münasibətini mətbuatdan uzaq tutmağa çalışır.

Manuel Noyer 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. O, Münhen klubuna 30 milyon avro qarşılığında “Şalke”dən transfer edilib. Qapıçının münhenlilərlə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Ümumilikdə Noyer “Bayern”in heyətində 493 oyuna çıxıb, 389 qol buraxıb, 235 oyunda qapısının toxunulmazlığını təmin edib. Manuel bütün futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub.

“Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.
Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı Manuel Noyeri 5 milyon avro məbləğində qiymətləndirir.