“Bayern”in alman veteran qapıçısı Manuel Noyer son vaxtlar öz ünvanına yönəlmiş tənqidlərlə bağlı fikrini açıqlayıb.
Arena.az xatırladır ki, son həftələrdə Münhen komandasının 38 yaşlı kapitanı tez-tez kifayət qədər etibarlı olmamaqda ittiham edilir.
Bu məqam qapıçının zərbələri dəf etməsində aşağı faiz göstəricisi ilə əsaslandırılır.
“Mən tənqidlərə əhəmiyyət vermirəm. Buraxılmış qollara gəldikdə, gerçəkləşmiş fürsətlərin ciddiliyini nəzərə almaq həmişə vacibdir. Buna görə də statistika mənim üçün ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmir – ayrı-ayrılıqda yalnız fərdi vəziyyətlər özlüyündə bir nümayişkəranə göstəricidir. Düşünürəm ki, mən yaxşı idman formasındayam”, – Noyer “Sport1” dərgisində müsahibəsində bildirib.
Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 13 oyuna çıxıb, 12 qol buraxıb, 7 oyunda qapısının toxunulmazlığını təmin edib. Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 534 oyun, 439 buraxılmış qol və 251 “quru” oyundan ibarətdir.
Manuel Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


