İngiltərənin “Mançester Yunayted” klubunun yeni futbolçusu Manuel Uqarte “qırmızı şeytanlar”ın azarkeşləri haqqında fikrini paylaşıb.
Arena.az uruqvaylı dayaq yarımmüdafiəçisinin bu barədə fikrini təqdim edir:
“Mən həqiqətən həyəcanlıyam. Əvvəllər belə bir şey görməmişdim. Köçməyim xəbəri çıxan kimi “Mançester Yunayted” azarkeşləri mənə ismarışlar göndərməyə başladılar. Mən onları hər yerdə görürdüm! Bu, Uruqvayda da böyük xəbər idi. İnanıram ki, bu azarkeşlər, əsl, sadiq “Mançester Yunayted” azarkeşləri, klubun qənimətlər qazanmasını görməyə layiqdirlər. Buna nail olacağımıza ümidvarıq”, deyə Uqarte vurğulayıb.
Xatırladaq ki, “Mançester Yunayted” uruqvaylı dayaq yarımmüdafiəçisini bu yay transfer pəncərəsinin son günündə PSJ-dən tamhüquqlu əsasda “qırmızı şeytanlar”ın heyətinə qatıb. Keçid İngiltərə klubuna 50 milyon avro məbləğ müqabilində başa gəlib. Uruqvaylı “dayaqçı” İngiltərə nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, hələ yeni komandasında debür etmək fürsəti qazanmayıb. Uqartenin debütü milli komandaların oyunlarına görə yaranmış fasilədən sonra gerçəkləşəcək. Bu, “Mançester Yunayted”in sentyabrın 14-də Premyer Liqa çərçivəsində “Sauthempton”a qarşı keçirəcəyi səfər oyununa təsadüf edə bilər.
Manuel Uqarte futbola “Park Syudad-de-la-Kosta” klubunda qədəm qoyub. Uruqavaylı futbolçu karyerası ərzində “Feniks” (Montevideo), “Famalikan”, “Sportinq” (Lissabon) və PSJ-də çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Uqarte PSJ-nin heyətində 37 oyun keçirib, 3 məhsuldar ötürmə verib.
Manuel Uqarte 2021-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 22 oyuna çıxıb, məhsuldr fəaliyyəti ilə diqqət çəkməyib.